Post by AZIAA
1,187 followers
9 iyun 2026-cı il tarixində ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbi (SAFS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-İtaliya Məzunları Assosiasiyasının (AZIAA) yaranmasının 3 illiyinə həsr olunmuş “La Festa Verde: Roots of Friendship – Growing Together” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə AZIAA-nın həmtəsisçisi Cəmilə Əliyeva açaraq assosiasiyanın yaranma ideyasından, məqsədlərindən və ötən dövr ərzində keçdiyi inkişaf yolundan bəhs edib. Daha sonra İtaliyanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Ticarət Attaşesi Alessandro Parrinello çıxış edərək Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, təhsil və mədəniyyət sahələrində qurulan əlaqələrin iki ölkə arasında körpü rolunu oynadığını qeyd edib. O, həmçinin Azərbaycan-İtaliya universitetlərarası əməkdaşlığının və məzun şəbəkələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfədən danışıb. Tədbirdə Azərbaycan Tələbə və Məzun Platformasının (ASAP) İdarə Heyətinin sədri Milana Mirfeyzullazada və Azərbaycan Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlalli çıxış edərək AZIAA-nın yaranmasının 3 illiyi münasibətilə təbriklərini çatdırıb, assosiasiyanın məzunların bir araya gətirilməsi və beynəlxalq əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndiriblər. AZIAA İdarə Heyətinin sədri Fidan Hadi isə çıxışında təşkilatın qısa zaman kəsiyində mühüm uğurlar əldə etdiyini, assosiasiyanın üzvlərinin sayının ildən-ilə artdığını və gələcəkdə daha geniş fəaliyyət istiqamətləri üzrə layihələrin həyata keçiriləcəyini bildirib. O, həmçinin assosiasiyanın son bir il ərzindəki fəaliyyətinə dair hesabat xarakterli çıxış edib. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi, Azərbaycanın Meksikadakı keçmiş səfiri Məmməd Talıbovun iştirakı da tədbirə xüsusi dəyər qatıb. Tədbirin əsas hissələrindən biri olan simvolik güləkmə aksiyası dostluğun, əməkdaşlığın və davamlı inkişafın rəmzi olaraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Əkilən güllər illər ərzində qurulmuş dostluq əlaqələrinin, peşəkar əməkdaşlıqların və ortaq dəyərlərin simvolu kimi qiymətləndirilib. Bu üç il ərzində AZIAA ailəsinin bir hissəsi olan bütün məzunlara, tərəfdaşlara və dostlara təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz nəticəsində assosiasiyamız gələcək illərdə də Azərbaycan və İtaliya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişafına öz töhfəsini verməyə davam edəcək. 🇦🇿🇮🇹